Türkiyə Kubokunun ¼ final mərhələsində “Qalatasaray” “Türk Telekom” Arenada “Alanyaspor”la üz-üzə gəlib.

Görüşə meydan sahibləri yaxşı başlasalar da, ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. 23-cü dəqiqədə Salih Uçanın zərbəsi qapı dirəyinə dəyib. Təzyiqi azaltmayan Alanya klubu yarım saatın tamamında istəyinə nail olub. Müdafiəçi Markao ilə mübarizədən qalib ayrılan Kouma Babakar topu qapıya göndərib. Çox keçmədən fərq artıb. Salih Uçan topu uzaq küncə göndərib - 2:0. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Çağdaş Atanın komandası daha bir qol vurub. Kouma Babakar bu dəfə penaltini dəqiq yerinə yetirib. Yalnız bundan sonra fəallaşan “cimbom” görüşün sonlarında rəqib qapısına yol tapıb. 81-ci dəqiqədə Mohammed Mustafa ardıcıl 3-cü matçında fərqlənməklə diqqət çəkib. İkinci hissəyə əlavə olunan 4-cü dəqiqədə İstanbul klubunun yeni transferi Jedson Fernandeş fərqlənib. Lakin bu heç nəyi dəyişməyib. 3:2 hesabı ilə qalib gələn “Alanyaspor” yarımdinala yüksəlib. Komandanın növbəti mərhələdəki rəqibi isə “Sivasspor” – “Antalyaspor” duelinin qalibi olacaq.